Kompüterlə işləyirik, hər gün şəkil açırıq, video baxırıq, musiqi dinləyirik. Amma bir dəfə də oturub düşünmürük ki, bu dəmir parçası hardan bilir ki, bu fayl şəkildir, bu videodur? Axı onun gözü yoxdur, baxıb seçmir. Məsələ ondadır ki, kompüter bizim kimi “baxıb tanımır”, o hər şeyi qayda ilə, kodla başa düşür.
Əslində kompüter üçün bütün fayllar eynidir. Şəkil də, video da, oyun da — hamısı sadəcə 0 və 1-lərdən ibarət uzun bir zəncirdir. Yəni bizim gördüyümüz rəngli şəkil, əslində kompüterin içində belə görünür: 010101010101… Sonsuz kimi gedən bir rəqəm axını. Kompüterin fərqi ondadır ki, o bu 0 və 1-ləri necə oxumağı bilir.
İndi gəl əsas məsələyə. Kompüter faylı necə tanıyır?
Birinci və ən sadə üsul — faylın adının sonundakı uzantıdır. Məsələn, “.jpg”, “.png”, “.mp4”, “.mp3” və s. Kompüter baxır ki, faylın axırı “.jpg”-dir, deyir bu şəkildir. “.mp4”-dür, deyir bu videodur. Bu, sənin üçün də rahatlıqdır ki, qarışdırmayasan.
Amma bu üsul tam etibarlı deyil. Çünki sən istəsən, video faylın adını dəyişib “.jpg” edə bilərsən. Bu zaman kompüter çaşa bilər. Yəni adı dəyişməklə faylın növü dəyişmir. Sadəcə üstündə yazılan etiket dəyişir, içi yenə eyni qalır.
Əsas ağıllı hissə burdan başlayır. Kompüter faylın içinə də baxa bilir. Hər fayl növünün özünə məxsus bir “imzası” olur. Buna proqramlaşdırmada “magic bytes” deyirlər. Yəni faylın əvvəlində xüsusi kodlar olur ki, deyir: “mən JPEG şəkiliyəm” və ya “mən MP4 videoyam”.
Məsələn, bir JPEG şəkil faylı adətən belə bir kodla başlayır: FF D8 FF. Bu, kompüter üçün bir siqnaldır. Deyir ki, bu faylı şəkil kimi açmaq lazımdır. Video fayllarda başqa cür başlanğıc olur, musiqidə başqa cür. Yəni kompüter təkcə ada baxmır, içini də yoxlayır.
İndi gəl bunu daha sadə misalla başa düşək. Təsəvvür elə sənə qutular veriblər. Üstündə yazılıb “şəkil”, “video”, “sənəd”. Bu, faylın uzantısıdır. Amma sən ağıllı adamsan, qutunu açıb içində nə var ona da baxırsan. Kompüter də eyni bunu edir.
Bəs şəkil ilə video arasında fərq nədir ki, kompüter bunu ayırd edə bilir?
Şəkil faylı sadəcə bir anlıq məlumatdır. Yəni piksel-piksel rəng məlumatıdır. Məsələn, bu nöqtə qırmızıdır, o biri mavidir və s. Kompüter bunu oxuyub ekranda göstərir.
Video isə əslində şəkillərin ardıcıllığıdır. Yəni saniyədə 24, 30 və ya 60 şəkil bir-birinin ardınca göstərilir və bizə hərəkət kimi görünür. Üstəlik videoda səs də olur. Ona görə video faylın strukturu daha mürəkkəbdir — içində həm şəkil axını, həm də səs məlumatı var.
Musiqi faylı isə ümumiyyətlə şəkil daşımır, yalnız səs dalğalarının rəqəmsal formasıdır. Yəni kompüterə deyilir ki, bu cür vibrasiya yarat, o da səs kimi çıxır.
Bir də maraqlı məqam var. Kompüter özü əslində heç nə “başa düşmür”. O sadəcə əmrləri yerinə yetirir. Faylı tanımaq işi əsasən proqramların üzərinə düşür. Məsələn, şəkil açan proqram deyir: “əgər bu fayl JPEG formatındadırsa, belə aç”. Video proqramı deyir: “MP4-dürsə, belə oynat”.
Yəni kompüter + proqram birlikdə işləyir. Biri məlumatı saxlayır, o biri onu düzgün oxuyur.
Sonda belə deyə bilərik: kompüter faylı tanımaq üçün üç şeyə baxır — faylın adı (uzantı), faylın içindəki xüsusi kodlar (imza), və onu açan proqramın qaydaları. Bu üçü birlikdə işləyir və sən rahat şəkildə şəkilə baxırsan, videoya baxırsan, heç nə düşünmədən.
Sadə dillə desək, kompüter üçün hər şey qarışıq 0 və 1-dir. Amma o bilir ki, bu qarışığı necə oxumaq lazımdır. Ona görə də sənə hər şey normal görünür 🙂
Kompüter faylı necə tanıyır, şəkil və video olduğu necə bilir?

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!