Gecə göyə baxanda gördüyümüz ulduzlar, gündüz isə gördüyümüz hamısı Günəşdir.
Bunlar hamısı böyük bir sistemin içindədir. Bu sistemə Günəş sistemi deyilir. Bu sistemin ortasında Günəş dayanır, ətrafında isə planetlər fırlanır. Bizim yaşadığımız Yer də həmin planetlərdən biridir. (Mərkəzdən 3-cü)
Bunu belə təsəvvür elə: kənddə bir böyük ağac var, ətrafında isə uşaqlar fırlanır. Günəş o ağac kimidir, planetlər də onun ətrafında dolanan uşaqlar kimi.
Bəs planetlər niyə dağılmır, niyə kosmosa uçub getmir?
Burada işə “cazibə qüvvəsi” girir. Cazibə o deməkdir ki, böyük olan şey kiçik olanı özünə tərəf çəkir. Məsələn, sən bir daşı yuxarı atırsan, o yenə yerə düşür. Niyə? Çünki Yer onu özünə çəkir. Bu, cazibədir.
Daha yaxşı başa düşmək üçün belə bir misal çəkim. Təsəvvür et ki, bir ipin ucuna daş bağlamısan və onu əlində fırladırsan. Daş dairəvi şəkildə sənin ətrafında dönür. İndi isə bir anlıq ipi buraxdığını düşün. Daş sənə tərəf gələcək? Yox. O, düz xətt üzrə kənara uçub gedəcək. Çünki artıq onu saxlayan bir şey yoxdur.
Bax kosmosda baş verən də buna çox bənzəyir, amma bir fərqlə: orada ip yoxdur, onun yerinə cazibə qüvvəsi var.
Günəş sanki görünməz bir iplə planetləri özünə “bağlayıb”. Yer də eyni şəkildə Ayı öz ətrafında saxlayır. Amma bu, adi ip kimi deyil ki, gözlə görəsən — bu, cazibədir. Yəni böyük olan cisim kiçik olanı özünə tərəf çəkir.
İndi ən maraqlı hissə buradır: əgər Ay sadəcə sakit dayansaydı, çoxdan Yerə düşərdi. Əgər ümumiyyətlə cazibə olmasaydı, Ay düz xəttlə uzaqlaşıb gedərdi. Amma nə baş verir? Ay ilk yarananda müəyyən bir sürətlə hərəkətə başlayıb və bu hərəkət bu günə qədər davam edir.
Kosmosda elə bir şey var ki, gündəlik həyatda biz onu hiss etmirik: orada “düşmək” anlayışı demək olar ki, yoxdur. Orada əsas məsələ hərəkətdir. Əgər bir şey hərəkətdədirsə və qarşısını alan heç nə yoxdursa, o hərəkət davam edir.
Ay da eyni vəziyyətdədir. O, bir tərəfdən Yerə doğru “düşmək” istəyir, çünki Yer onu özünə çəkir. Amma eyni zamanda o qədər sürətlə yan tərəfə hərəkət edir ki, Yerə çata bilmir. Nəticədə nə yerə düşür, nə də qaçıb gedir — sadəcə Yerin ətrafında dövr etməyə davam edir.
Bunu belə də düşünə bilərsən: Ay daim Yerə tərəf düşür, amma heç vaxt çata bilmir.
Elə bu səbəbdən planetlər Günəşin, Ay isə Yerin ətrafında dövr edir. Yəni kosmosda hər şey bir tarazlıq üzərində qurulub: bir tərəfdə cazibə çəkir, o biri tərəfdə isə hərəkət “qaçmaq” istəyir. Bu ikisinin balansı isə bizə bu möhtəşəm sistemi verir.
Günəş çox böyükdür, Yer isə ondan xeyli kiçikdir. Ona görə də Günəş Yeri özünə tərəf çəkir. Amma Yer də boş dayanmayıb, hərəkətdədir. Elə buna görə də Günəşə düşmür, sadəcə onun ətrafında dövr edir.
Keçmişdə insanlar bunu necə başa düşürdü?
İndiki kimi elm yox idi əvvəl. İnsanlar düşünürdü ki, Yer düzdür və hər şey onun ətrafında fırlanır. Günəşin, Ayın və ulduzların sanki Yer ətrafında döndüyünü zənn edirdilər.
Sonra alimlər çıxdı və dedi ki, yox, əslində Yer yox, Günəş mərkəzdədir. Bu fikri ilk ciddi şəkildə deyənlərdən biri Nikolay Kopernik idi. O dedi ki, Yer də digər planetlər kimi Günəşin ətrafında fırlanır.
Sonra Qalileo Qaliley teleskopla baxıb bunu daha da gücləndirdi. O, göyə baxıb gördü ki, hər şey düşündüyümüz kimi deyil.
Daha sonra isə İsaak Nyuton ortaya çıxdı və dedi ki, bu işin səbəbi cazibə qüvvəsidir. Rəvayətə görə, ağacdan alma düşəndə fikirləşib ki, niyə hər şey aşağı düşür? Beləcə cazibə qanununu izah edib.
Cazibə olmasa nə olar?
Əgər cazibə olmasaydı:
biz yerə bağlı qalmazdıq, havaya qalxardıq
su yerində qalmazdı
Yer Günəşdən uzaqlaşıb gedərdi
ümumiyyətlə həyat olmazdı
Yəni cazibə həyatın əsas səbəblərindən biridir.
Günəş sistemi necə yaranıb?
Çox-çox əvvəllər, milyardlarla il əvvəl kosmosda toz və qaz buludu var idi. Bu bulud yavaş-yavaş bir yerə yığıldı və ortasında Günəş yarandı. Qalan hissələr isə topalaşıb planetlərə çevrildi. Yer də belə yaranıb.
Yəni biz əslində kosmosdakı tozdan yaranmışıq.
Bu bizə niyə lazımdır?
Kənddə yaşayan bir insan deyə bilər ki, “bu məlumat mənə nə verir?” Amma əslində çox şey verir.
Çünki:
fəsillərin dəyişməsi Günəş və Yer hərəkətindən asılıdır
gecə-gündüz bu sistemə bağlıdır
hava, iqlim, yağış – hamısı bununla əlaqəlidir
Yəni bu sadəcə “elm söhbəti” deyil, gündəlik həyatımızın bir hissəsidir.
Sonda
Günəş sistemi böyük bir nizamdır. Hər şey öz yerində, öz qaydasında hərəkət edir. Bu nizamı saxlayan isə cazibə qüvvəsidir.
İnsan bu sistemi başa düşdükcə anlayır ki, dünya təsadüfi deyil. Hər şey bir qanunla işləyir. O qanunları anlamaq isə insanı bir az daha ağıllı və düşüncəli edir.
Cazibə qüvvəsi nədir ki?

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!