Bu gün istifadə etdiyimiz telefon, televizor, maşın, hətta paltaryuyan belə “ağıllı” işləyirsə, bunun arxasında çox kiçik bir detal dayanır – çip. Çip əslində elektron cihazların beyni kimidir. Ölçüsünə görə çox balaca olsa da, gördüyü iş inanılmaz dərəcədə böyükdür. Sadə desək, çip olmadan müasir texnologiya demək olar ki, yoxdur.

Məsələn, telefonunda ekrana toxunursan və o dərhal reaksiya verir, video açırsan, internetə girirsən, şəkil çəkirsən – bütün bunların arxasında çip işləyir. Çip hesablayır, yadda saxlayır, sənin əmrlərini anlayır və cihazın digər hissələrinə nə etməli olduğunu “deyir”. Yəni çip olmasa telefon işləməz, kompüter açılmaz, hətta müasir avtomobillərin çoxu belə hərəkət edə bilməz.

Ən maraqlı tərəfi isə odur ki, çip əsasən silisium adlı maddədən hazırlanır və bu maddə torpaqda olan qumun tərkibində olur. Yəni texnologiyanın əsasında bildiyimiz adi qum dayanır. Amma bu qum xüsusi üsullarla təmizlənir, kristala çevrilir və üzərində mikroskopla belə çətin görünən xətlər çəkilir. Bu xətlər elektrik siqnallarını daşıyır və çipin işləməsini təmin edir. Bir çipin içində milyonlarla, hətta milyardlarla belə xırda struktur olur.

Çipin işləmə prinsipi də əslində çox sadədir: onun içində tranzistor deyilən çox kiçik elementlər var və bunlar ya elektrik keçirir, ya da keçirmir. Bu isə kompüter dilində 1 və 0 deməkdir. Bütün texnologiya – şəkillər, videolar, oyunlar, proqramlar – hamısı sonda bu 1 və 0-ların üzərində qurulub işləyir.

Çiplərin tarixinə baxsaq, əvvəllər kompüterlər otaq boyda idi, çünki içində minlərlə böyük detal var idi. 1950-60-cı illərdə alimlər bu sistemləri kiçiltməyin yolunu axtardı və ilk çiplər yarandı. Vaxt keçdikcə çiplər daha da kiçildi, sürətləndi və ucuzlaşdı. Bu gün cibimizdə daşıdığımız telefonlar vaxtilə otaq boyda olan kompüterlərdən daha güclüdür.

Çipin bu qədər vacib olmasının səbəbi isə çox sadədir: müasir həyat demək olar ki, onun üzərində qurulub. Çip olmadan internet olmaz, bank sistemi işləməz, xəstəxanalardakı cihazlar dayanır, avtomobillər, təyyarələr və hətta kosmik texnologiyalar belə mümkün olmaz. Yəni bu kiçik detal həm iqtisadiyyatı, həm texnologiyanı, həm də dövlətlərin gücünü müəyyən edən əsas faktorlardan biridir.

Amma problem ondadır ki, çox insan çipdən istifadə edir, amma onun nə olduğunu anlamır. İnsanlar texnologiyanı sadəcə istifadə edir, amma arxasında duran məntiqi dərk etmir. Bu da o deməkdir ki, istifadə edənlər çoxdur, yaradanlar isə azdır. Əsl inkişaf isə istifadə etməkdən yox, başa düşməkdən və yaratmaqdan başlayır.

Sonda belə demək olar ki, çip sadəcə texniki detal deyil, insan düşüncəsinin məhsuludur. Əgər bir cəmiyyət texnologiyanı başa düşürsə və yaratmağa çalışırsa, o cəmiyyət inkişaf edəcək. Yox əgər yalnız istifadə edib mahiyyətini anlamırsa, o zaman həmişə başqalarının qurduğu sistemin içində yaşamağa məcbur qalacaq.