Bir ölkənin inkişafı dövlətin öz xalqını tanımasından, onların düşüncə tərzini, xarakterini və potensialını düzgün analiz etməsindən başlayır. Çünki cəmiyyət necədirsə, ölkə də elədir. Cəmiyyət inkişaf etmədən dövlətin inkişafından danışmaq sadəcə kağız üzərində qalan bir anlayışdır.

Cəmiyyət maraqlı, öyrənməyə açıq və çalışqan olanda ölkə də təbii olaraq irəli gedir. Amma əgər cəmiyyət maraqsız, tənbəl, daim narazı və savadsız olmağa meyillidirsə, nə qədər resurs sərf olunsa belə, nəticə inkişaf yox, geriləmə olacaq. Hətta bu geriləmə bəzən insanı sanki müasir dövrdən qoparıb daha primitiv düşüncə mərhələsinə aparır.

Burada əsas sual yaranır: inkişaf nədir? Kim üçün və hansı sahələr üçün inkişafdan danışırıq?

İnkişaf yalnız binaların çoxalması, yolların çəkilməsi və ya texnologiyanın alınması deyil. İnkişaf insanın düşüncəsində baş verən dəyişiklikdir. Əgər sıravi vətəndaşın dünyagörüşü yoxdursa, o inkişafı sadəcə zahiri “müasirlik” kimi qəbul edir. Daha təhlükəlisi isə odur ki, müasirliyi yanlış şəkildə pozğunluqla eyniləşdirir. Bu isə düşüncənin nə qədər dar çərçivədə qaldığını göstərir.

Belə bir düşüncəyə sahib insanı bu fikirdən daşındırmaq bəzən o qədər çətin olur ki, sanki həyatın son nöqtəsində olan birini geri qaytarmağa çalışmaq kimidir.

Heç bir peşəni alçaltmaq fikrim yoxdur. Hər bir əmək hörmətə layiqdir. Amma insan özünü yalnız gündəlik qazanc çərçivəsində məhdudlaşdırırsa, yalnız fiziki əməyə fokuslanıb düşüncə inkişafını ikinci plana atırsa, bu halda onun inkişaf anlayışı da məhdud qalır. Taksidə, kafedə və ya ağır işdə işləmək problem deyil – problem insanın özünü yalnız bununla kifayətlənmiş hesab etməsidir.

İnkişaf ilk növbədə beyində, şüurda və düşüncə tərzində formalaşmalıdır. Düşünməyi bacaran, plan quran, analiz edən insanlar tarix boyu cəmiyyətləri irəli aparıblar. Və bu insanlar çox vaxt tək qalmaq istəməyiblər – özləri kimi düşünənləri də irəli çəkməyə çalışıblar.

Mən də belə düşünürəm: əgər mənim vəziyyətim yaxşıdırsa, mənim kimi düşünən insanların da yaxşı vəziyyətdə olmasını istəyərəm. Çünki tək inkişafın mənası yoxdur – əsl inkişaf paylaşdıqca böyüyür.

Amma əgər insanın öz vəziyyəti pisdirsə, o başqasını düşünəcək psixoloji və sosial gücü haradan tapsın? Ona görə də sosial rifah və mədəni inkişaf cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. İnsanların minimum yaşam səviyyəsi təmin olunmadan, onlardan yüksək düşüncə və böyük ideyalar gözləmək real deyil.

Cəmiyyətin ortaq məqsədləri, maraq doğuran ideyaları və birlik ruhu olduqda isə inkişaf yalnız bir ölkə daxilində qalmır – bu, bütövlükdə insanlığın irəli getməsi demək olur.

Əsl inkişaf insanın özünü dəyişməsi ilə başlayır. Özünü dəyişən insan isə cəmiyyəti dəyişir. Cəmiyyət dəyişəndə isə artıq ölkənin inkişafı qaçılmaz olur.