Mən kənd adamıyam. Ağstafa rayonunun Poylu kəndində doğulmuşam, orada böyüyüb başa çatmışam. Xarici ölkələrdə çox olmasam da, onlar haqqında kifayət qədər məlumatım var – həm həyat tərzləri, həm də adət-ənənələri barədə. Bunu deməyimin səbəbi var. Çünki insan öz yaşadığı mühiti görmədən, müqayisə etmədən heç vaxt tam anlayışa sahib ola bilmir.
Kənddə yaşayan biri üçün elm, fəlsəfə, düşüncə kimi anlayışlar çox vaxt uzaq və lazımsız görünür. Bunu təkcə bizim kənddə yox, ətraf rayon və kəndlərdə də açıq görmək olur. İnsanların maraq dairəsi daha çox gündəlik dolanışıq, problemlər və adi həyat çərçivəsində sıxılıb qalır. Elmə maraq azdır, düşünməyə həvəs azdır, amma əvəzində hamı özünü çoxbilmiş hesab etməyi kifayət sayır.
Ən maraqlısı isə odur ki, kimsə fərqli bir şey etmək istəyəndə, nəsə öyrənməyə çalışanda, ya da yeni fikir ortaya qoyanda ona qəribə baxırlar. Sanki bu normal deyilmiş kimi. Halbuki tarix boyu belə olub. Wright qardaşları ilk uçuş aparatını hazırlayanda onlara gülənlər çox idi. Avtomobil ilk dəfə ortaya çıxanda insanlar onu qəbul etmirdi, at dövründə maşın düzəldənlər lağ obyektinə çevrilirdi. Leonardo da Vinci kimi insanlar isə öz dövründə tam başa düşülmürdü, amma bu gün onların ideyaları yüzlərlə sahənin inkişafına təsir edir. Mən onun haqqında daha geniş burada yazmışam: https://mugalov.com/blogs/leonardo-davinci-ressam-deyildi-axi
Bizim kəndlərdə isə həyatın böyük hissəsi problemlərlə mübarizə aparmaqla keçir. İnsanlar səhərdən axşama qədər işləyir, fiziki cəhətdən ağır həyat yaşayır. Bu baxımdan onları qınamaq da düzgün deyil. Çünki insanın gündəlik qayğıları çox olanda o, düşünməyə, öyrənməyə enerji tapa bilmir.
Amma başqa bir tərəf də var. Bizim insanlar Amerikada və Avropada yaşayanların həyatına baxıb deyir ki, “onlar kef içində yaşayır”. Lüks həyat görürlər, amma o həyatın arxasında duran sistemi, zəhməti, təhsili, düşüncə tərzini görmürlər. Onların da problemləri var – təkcə maddi yox, psixoloji, sosial, ailəvi problemlər. Sadəcə fərq ondadır ki, onlar problemlərlə yanaşı inkişaf etməyi də bacarırlar.
Bizdə isə çox vaxt inkişaf ikinci plana atılır. Kənd və rayonlarda inkişaf daha passiv gedir. İnsanların düşüncə tərzi çox vaxt primitiv çərçivədə qalır. Məsələn, valideyn uşağını oxutdurur, amma oxumağın nə olduğunu özü anlamır. Onun məqsədi uşağın düşüncəsinin açılması, dünyagörüşünün genişlənməsi deyil. Sadəcə istəyir ki, uşaq bir iş tapsın, dolansın, ac qalmasın.
Bu isə təhsilin mahiyyətini tamamilə dəyişir. Təhsil sadəcə “iş tapmaq vasitəsi” kimi görülür. Halbuki öyrənmək yalnız iş üçün deyil. İş – öyrənmənin son nəticələrindən biridir, amma məqsədin özü deyil.
İnsan oxuyanda:
düşünməyi öyrənir
analiz etməyi bacarır
dünyaya fərqli baxır
özünü və başqalarını daha yaxşı anlayır
Əgər bunlar yoxdursa, sadəcə diplom almaq heç nəyi dəyişmir.
Ən çətin işlərdə çalışan insanlar var, səhərdən axşama qədər zəhmət çəkirlər. Amma “oxu, öyrən” deyəndə narazı qalırlar. Çünki öyrənməyin dəyəri onlara düzgün izah olunmayıb. Onlar üçün öyrənmək – boş vaxt itkisi kimi görünür, halbuki əslində insanı insan edən əsas xüsusiyyət məhz öyrənməkdir.
Əsl inkişaf texnologiya ilə yox, insanın düşüncəsi ilə başlayır. Əgər düşüncə dəyişmirsə, heç bir yenilik uzun müddət fayda vermir. Kənddə də, şəhərdə də fərq etmir – inkişaf istəyiriksə, əvvəlcə düşüncə tərzimizi dəyişməliyik.
Çünki insan dəyişmədən cəmiyyət dəyişmir, cəmiyyət dəyişmədən isə ölkə inkişaf etmir.
Kənd həyatı, düşüncə və inkişaf haqqında

chat Şərhlər 1