Bəzi insanlar bu həyatı çox sadə və şablon şəkildə başa düşürlər. Onlar elə düşünürlər ki, həyat dünən başlayıb, hər şeyin hazır qaydaları, qanunları və “normal” hesab olunan davranış nümunələri var. Sanki hər şey əvvəldən belə olub, belə də qalacaq.
Halbuki əslində bu dünyanın bütün adət-ənənələri, qaydaları, “doğru” və “səhv” hesab olunan şeyləri tələb, sosial təzyiq, kütləvi media və maraq qruplarının təsiri ilə yavaş-yavaş formalaşır. Heç biri təbii və ya əbədi deyil. Sadəcə zaman keçdikcə o qədər təkrarlanır və qəbul edilir ki, insanlar onları “həyat belədir” kimi qəbul etməyə başlayır.
Çox vaxt belə olur ki, həyatımıza və ya ölkəmizə yeni bir şey daxil olanda ilk anda böyük müqavimət, ciddi irad və uzun-uzadı müzakirələr yaranır. İnsanlar qəzəblənir, tənqid edir, “bu bizə yaramaz”, “bu bizim mədəniyyətimizə ziddir”, “bu gələcəyimizi məhv edəcək” deyirlər. Amma bir müddət keçəndən sonra həmin şey yavaş-yavaş adi hala çevrilir. İnsanlar ona öyrəşir, hətta onu müdafiə etməyə başlayır və nəticədə istənilən oyunun bir parçası, xarakterinə çevrilirlər.
Çox yaxın keçmişdən sadə nümunələrə baxsaq, bunu aydın görərik. Məsələn, Tiktok platforması ölkəmizə yeni gələndə nə qədər böyük səs-küy, tənqid və qadağa çağırışları olmuşdu. Bir çoxları deyirdi ki, bu gəncləri korlayacaq, vaxtı boş yerə aparacaq, mədəniyyətimizi zədələyəcək. Amma indi? Milyonlarla insan hər gün orada vaxt keçirir, trendlər yaradır, pul qazanır və onsuz həyat təsəvvür etmirlər. Eyni şey Çin maşınları ilə də baş verdi. Əvvəlcə “keyfiyyətsizdir”, “təhlükəlidir”, “bizim maşınlarımızdan fərqlidir” deyib qəbul etmək istəmirdilər. İndi isə yollarımızda ən çox rast gəlinən avtomobillərdən biridir və insanlar artıq normal qəbul edirlər.
Bəs nə oldu? Elə bilirdiniz ki, bütün bunlar sizin öz iradənizlə, öz şüurlu seçimlərinizlə baş verir? Əksər hallarda yox. İnsanların düşüncə tərzi, dəyərləri və həyat tərzi çox vaxt xaricdən idarə olunur. İstənilən mental düşüncəni (mentaliteti) sındıra, əyə, dəyişdirə bilirlər. Ora istədikləri yeni “normalı” yerləşdirə bilirlər. Bunun üçün yalnız vaxt, təkrarlanan mesajlar, sosial təzyiq və bəzən də maliyyə maraqları kifayətdir.
Bəziləri bu prosesdə pul qazanmaq üçün öz daxili sərhədlərini asanlıqla sındırır, prinsip və dəyərlərindən vaz keçirlər. Digərləri isə illər sonra, artıq çox gec olanda peşmançılıq hissi ilə keçən ömürlərinə baxıb susurlar. Ancaq o vaxta qədər artıq oyunun bir hissəsinə çevrilmiş olurlar və geri qayıtmaq çox çətin olur.
Əslində ən vacib məsələ budur: həyatda nəyin “normal” olduğunu özümüz müəyyən etməyi öyrənmək. Yoxsa hər dəfə kimsə bizə yeni “normal” təqdim edəndə ona avtomatik təslim olmaq.
Düşünmək, sual vermək və öz dəyərlərinə sadiq qalmaq — bu, həqiqətən də az adamın bacardığı şeydir. Amma məhz bu, insanı kütlədən fərqləndirən ən böyük xüsusiyyətlərdən biridir.
Dünya cəmiyyətinin tabularını qırmaq mümkün deyil?

chat Şərhlər 5